Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkəmiz beynəlxalq “CanSat” müsabiqəsində uğurla təmsil olunub
Milli Aviasiya Akademiyasının nəzdində yaradılan "NaaSAT" model peyk komandası Beynəlxalq "CanSat" (Model Peyk) müsabiqəsində iştirak edib. Komandanın hazırladığı model peyk ABŞ, Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Türkiyə və İsveçrənin qabaqcıl universitetlərinin qatıldığı 100-ə yaxın komanda sırasından seçilərək müsabiqənin son mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş Beynəlxalq "CanSat" müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də, kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.
Ölkəmizin ilk dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, "NaaSAT" komandası, hətta, ABŞ-ın bir sıra universitetlərinin təcrübəli komandalarını geridə qoyaraq peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçərək ilk 40 komanda sırasına düşüb və finalda model peyki səmaya buraxmaq hüququ qazanıb.
Komanda ABŞ-ın Texas ştatında keçirilən və müsabiqənin növbəti turu olan uçuş mərhələsində də iştirak edib. Bu mərhələdə peyk modeli səmaya buraxılıb və proqramda nəzərdə tutulduğu kimi uğurlu siqnal - telemetriya qəbul edilib.
Beləliklə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin reallaşdırdığı ilk model peyk layihəsi uğurla sona çatıb və ölkədə kosmik sənayenin inkişafında irəliyə atılan növbəti uğurlu addım olub.
Bu da öz növbəsində, "Azərkosmos" və Milli Aviasiya Akademiyası timsalında elm-təhsil müəssisəsinin kommersiya müəssisəsi ilə uğurlu əməkdaşlığının bariz nümunəsi olub. Qeyd edək ki, model peykin ölkəmizdə istehsalı və yarışmaya qatılması son illərdə Azərbaycanda sürətlə formalaşan qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kosmik sənayenin uğurlu layihələrindən biridir. Eyni zamanda, "CanSat" layihəsində iştirak etmək gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə yaratmış olub.
17/06/16 Çap et