Britaniya şirkətində robot menecer işə qəbul edilib
Birmingem Universiteti mütəxəssislərinin rəhbərliyi ilə Avropa alimləri Britaniya şirkətlərindən birində işə başlayan öz-özünə öyrənən avtonom robot yaradıblar. Layihə barədə universitetin pres-relizində deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "
N+1" resursuna istinadən yazır ki, şirkətdə ikiaylıq sınaq müddətinə ofis meneceri vəzifəsinə stajor kimi işə qəbul edilən Betti adlanan robotun vəzifəsi yalnız ofisin monitorinqindən ibarətdir. Qalan bütün hərəkətlər insanlar tərəfindən yerinə yetirilir.
Bildirilir ki, Betti ofis və əməkdaşların iş masaları üzərində səliqə-sahmana nəzarət edərək müəyyən əşya yerində olmayanda, əşya sahibinə onun harada olması barədə məlumat verəcək. Həmçinin robot ofisdə temperaturu, rütubəti və səs-küyün səviyyəsini, yanğınsöndürmə qapılarının bağlı vəziyyətdə olmasını izləyəcək, iş günü başa çatdıqdan sonra neçə əməkdaşın içəridə qalmasını qeyd edərək bu barədə mühafizə əməkdaşlarını məlumatlandıracaq. Həmçinin Bettinin digər vəzifəsi şirkətə gəlib-gedənləri və qonaqları salamlamaqdır.
Qeyd olunur ki, quraşdırılan proqram təminatı və sensorlar robota idarənin xəritəsini tərtib edərək orada müxtəlif obyektləri, məsələn, stol və stulları qeyd etməyə, eləcə də ətraf şəraitin dəyişməsini - əməkdaşların ofisdə qapıların açıq və ya bağlı olduğu yerdə və ya yeni obyekt görünəndə davranışlarını müşahidə etməyə imkan verir. Zərurət yaranan zaman Betti birləşdirici stansiyaya batareyaları enerji ilə doldurmaq barədə müstəqil komanda verə bilir.
Nizam Nuriyev