Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən güclü superkompüterləri bəlli olub


Dünyada ən güclü superkompüterlərin reytinqi (“Top500”) yenilənib. Çinin “Sunway TaihuLight” sistemi birinci yerdə qərarlaşıb.

Sözügedən sistemin özəlliyi ondadır ki, kompüterdə Çində hazırlanmış çiplərdən istifadə edilib. Söhbət Şanxay Məhsuldar Mikrosxemlər Hazırlanma Mərkəzində (“Shanghai High Performance IC Design Center”) yaradılmış “SW26010” prosessorundan gedir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən xəbər verir ki, Usi şəhərində yerləşən Milli Superkompüter Mərkəzində qurulmuş “Sunway TaihuLight” superkompüteri 93 petaflops məhsuldarlığa malikdir ki, bu da reytinqin əvvəlki lideri (“Tianhe-2”) ilə müqayisədə təxminən iki dəfə yüksək göstəricidir.

“Sunway TaihuLight” superkompüteri təqribən 41 min qovşaqdan ibarət 10.65 milyon prosessor nüvəsinə malikdir. Superkompüter iqlim modelləşdirməsi və tibbi-bioloji tədqiqatların keçirilməsi üçün istifadə olunur.

Dünyanın 10 ən sürətli kompüter siyahısına Çindən 2 sistem, ABŞ-dan 4-ü, həmçinin Yaponiya, Almaniya, İsveçrə və Səudiyyə Ərəbistanı daxil olmaqla hər birindən 1-i daxil edilib. Məlumat üçün bildirək ki, “Top500” reytinqi ildə iki dəfə yenilənir.

Emil Hüseynov





21/06/16    Çap et