Daşınan qurğular bədənin hərəkətindən enerji alacaq
Çin və ABŞ alimləri insanın hərəkətindən elektrik enerjisi hasil etməyə imkan verən elastik qurğu hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
N+1” resursuna istinadən yazır ki, Pekin Elmi Texnoloji Universiteti, Corciya Texnologiya İnstitutu, Sinxua Universiteti və Çin Elmlər Akademiyası əməkdaşlarının texnologiyasının əsasını elektrik enerjisini sürtünmə ilə mexaniki işdən hasil edən triboelektrik nanogeneratorlar təşkil edir. Əvvəllər hazırlanan oxşar qurğular sərt konstruksiyaya malik olmaqla iş üçün adi bədən hərəkətindən istifadə edə bilməyiblər.
Bildirilir ki, alimlər bu problemi elektrod rolunda elastik polimerə doldurulmuş keçirici mayenin (xörək duzu məhlulu) çıxış etdiyi triboelektrik nanogeneratorlar hazırlamaqla aradan qaldırmağa nail olublar. Triboelektrik yükün sıxlığını və effektiv sahəni artırmaq üçün polimerin daxili səthi təxminən 50 nanometr diametrli çıxıntılarla örtülüb.
Belə generator 300 faizədək gərilmədə effektiv işləyə bilir, yüksək elastiklik isə onu istənilən formaya salmağa imkan verir. Eksperimentlər zamanı mütəxəssislər yerimənin monitorinqi üçün altlığa bərkidilən triboelektrik nanogeneratorlardan və 80-dən çox işıq diodundan ibarət panelin enerji ilə təchizi üçün biləkdəki generatordan istifadə ediblər. Texnologiyanın əhatəliliyi, həmçinin ondan böyük səthlərdən enerjinin toplanması üçün istifadəsinə imkan verir ki, bunu da alimlər 183×69×5 ölçüdə triboelektrik nanogeneratorlar icad etməklə təsdiq ediblər. Səth üzərinə əllə vurduqda qurğu 170 işıq diodu üçün elektrik enerjisi generasiya edib.
Mütəxəssislər ümid edirlər ki, onların icad etdiyi texnologiya əksər daşınan qurğularda tətbiq ediləcək. Tədqiqat rəhbəri Çjon Lin Vanqın fikrincə, texnologiyadan, məsələn, bionik protezlərdə ötürücülərin enerji ilə təmini üçün istifadə etmək mümkün olacaq.
Nizam Nuriyev