Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” əlcək əllərin titrəməsi ilə mübarizə aparır


“GyroGear” şirkəti giroskopik mexanizmdən istifadə edərək əllərin əsməsi (tremor xəstəliyi) ilə mübarizə apara bilən “GyroGlove” adlanan smart əlcək hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkət təsisçisi Fai Onq London xəstəxanasında işləyən zaman həkimlərin xəstələrdən birinin əllərinin titrəməsini sakitləşdirə bilmədiyini gördükdə “GyroGlove” əlcəyini icad etmək qərarına gəlib. O, uşaqlıq vaxtında rastlaşdığı giroskopik oyuncaqları xatırlayaraq bu texnologiyadan əllərin titrəməsinin qarşısını almaq üçün istifadənin mümkünlüyünü düşünüb. “Ağıllı” giroskopik “GyroGlove” əlcəyinin kəşfi ilə bağlı layihə məhz belə yaranıb.

Qeyd olunur ki, hazırda özündə əlcəyin arxa tərəfində quraşdırılan elektrik giroskopu birləşdirən prototip hazırlanıb. Qurğu işə salındıqda titrəmə zamanı əmələ gələn əlin qeyri-ixtiyari hərəkətlərinə qarşı müqavimət göstərməyə başlayır. Bu zaman istifadəçi narahatedici hisslər keçirmir.

Mütəxəssislərin sözlərinə görə, laboratoriya şəraitində əllərin titrəməsini 80 faizdən çox azaltmaq mümkün olub.  

Əlcək yaradıcıları əmindirlər ki, onların texnologiyası tremor və Parkinson xəstəliklərindən əziyyət çəkən insanlara kömək edəcək, gələcəkdə isə əzələlərin titrəməsinə səbəb olan daha geniş xəstəliklərə qarşı mübarizə aparmağa imkan verəcək. Bundan başqa, yaxın gələcəkdə əlcəyin təkanlar tezliyinə nəzarət edərək sonradan məlumatları həkimə təqdim etmək üçün istifadəçinin smartfonuna ötürən titrəmə detektoru ilə təchiz ediləcəyi gözlənilir.  

“GyroGear” şirkəti “GyroGlove” əlcəyi üçün sifarişlərin qəbuluna bu ilin sonunda, tədarüklərinə isə 2017-ci ilin əvvəlində başlamağı planlaşdırır.  

Nizam Nuriyev 





22/06/16    Çap et