Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ən təhlükəli messencer bəlli olub
ABŞ-ın “Gizmodo” nəşri yazır ki, “Telegram” messenceri istifadəçiləri lazımi təhlükəsizlik səviyyəsi ilə təmin etmir. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin fikirlərinə istinad edən nəşr dərhal bu messencerdən istifadəni dayandırmağı tövsiyə edir.
Başlanğıc ayar kimi şifrləmənin olmaması
Əsas problemlərdən biri odur ki, “Telegram” messencerində çatlar başlanğıc ayar kimi şifrlənmir. "Şifrlənmiş qoşulma ilə ünsiyyət saxladığını düşünən bir çox “Telegram” istifadəçisi mövcuddur. Amma əslində belə deyil, sözügedən funksiyanı aktivləşdirmək lazımdır" – Amerika Vətəndaş Azadlıqları İttifaqının baş texnoloqu məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən xəbər verir ki, “Telegram” messencerinin yaradıcıları isə bunun əksini iddia edirlər. Messencerin saytında yazılıb ki, adı çəkilən messencer “WhatsApp” qədər təhlükəsizdir. Amma ekspertlərin fikrinə əsasən, “WhatsApp” təhlükəsiz şifrləmə protokolundan istifadə edir, hər bir mesaj və hər bir telefon zəngini şifrləyir.
Şəxsi şifrləmə alqoritmi
Ekspertlərin fikrincə, “Telegram”ın yaradıcıları “MTproto” adlı şəxsi şifrləmə protokolunu yaratmaqla böyük səhvə yol veriblər. "Biz bu protokolun təhlükəsizliyi ilə bağlı hər hansı fikir söyləyə bilmərik. Məhz bu qeyri-müəyyənlik təhlükəsizliklə bağlı problem yaradır. Kriptoqraflar çox vaxt şifrləmə alqoritmlərini bütünlüklə dərc edir. Amma “Telegram”da o gizlədilib. Kifayət qədər təcrübə olmadan, şəxsi şifrləmə alqoritmi yazmaq böyük riskdir. Heç kim “Telegram” komandasının bu addımını anlamır" – Böyük Britaniyada yerləşən Surrey Universitetinin professoru Alan Vudvard deyib.
“Messencerin rəsmi bloquna əsasən, şirkətdə bir neçə parlaq riyaziyyatçı çalışır, onlar kriptoqraf olmasalar da, amma şəxsi şifrləmə alqoritmi yaratmaq üçün kifayət qədər ağıllıdırlar. Mən bu alqoritmdə boşluq olduğunu deyə bilmərəm. Sadəcə belə olmamalıdır" – Cons Hopkins Universitetinin professoru Metyu Qrin bildirib.
Emil Hüseynov
28/06/16 Çap et