Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ventilyator vasitəsilə fərdi kompüterdən məlumatların ələ keçirilməsi üsulu tapılıb


İsraildə yerləşən Ben-Qurion adına Universitetin tədqiqatçıları prosessora qurulan ventilyatorun fırlanma sürətini dəyişməklə internetə çıxışı olmayan fərdi kompüterdən (FK) məlumatların ələ keçirilməsi metodunu nümayiş etdiriblər.

Tədqiqatçılar tərəfindən kompüterə qurulmuş proqram ventilyatorun fırlanma sürətini dəyişdirmək qabiliyyətinə malikdir. FK-nin yanında yerləşmiş smartfon ventilyatorun səslənmə tezliyindəki dəyişiklikləri qeydə alır və məlumatları qəbul edir.

“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, tədqiqatçılar ventilyatorda müxtəlif fırlanma sürətini işə salaraq bir neçə sınaq keçiriblər.

Alimlər 1000-1600 dövr/dəq. fırlanma tezliyi zamanı səsyazma qurğusunun FK-dən 1 metr məsafədə yerləşməsi halında dəqiqədə 3 bit məlumat qəbuluna nail olublar.

2000-2500 dövr/dəq. fırlanma tezliyində bu göstərici 4 metr məsafədə dəqiqədə 10 bit təşkil edib. Nəhayət, 4000-4250 dövr/dəq. zamanı məlumatların dəqiqədə 15 bit sürətlə ötürülməsinə nail olunub.
FK qismində masaüstü “Dell” sistemi, səsyazma qurğusu kimi isə “Samsung Galaxy S4” smartfonu istifadə edilib. Sınaqlar tədqiqat laboratoriyalarında keçirilib və orada başqa avadanlıq da işləyib, yəni fon səs-küylü olub.

Kompüter kuleri işləyən zaman 100-600 Hs tezliyində səs çıxardır. Bu diapazon insan qulağı tərəfindən eşidilir, buna görə FK operatoru sözügedən proqram işləyən zaman kompüterin işində problem olduğunu zənn  edə bilər. Tədqiqatçılar bildiriblər ki, proqramın icrasını elə sazlamaq olar ki, kompüter arxasında heç kəs olmadıqda işləsin.

Emil Hüseynov





29/06/16    Çap et