Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İl ərzində internetə orta qoşulma sürəti 23 faiz artıb


Tədqiqatçılar 2016-cı ilin birinci rübünün sonu üçün dünyada internetə qoşulmanın orta sürətinə həsr edilən hesabat təqdim ediblər. Hesabatda göstərilən məlumatlar qlobal şəbəkənin inkişafı barədə təsəvvür yaratmağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, məlumata görə, hesabat dövründə internetə orta qoşulma sürəti 2015-ci ilin birinci rübündən 12 faiz yüksək olub. 2015-ci ilin birinci rübü ilə müqayisədə sürətdə 23 faizlik artım qeydə alınıb. Mütləq ifadədə orta sürət 6,3 Mbit/saniyə təşkil edir.
Rüb ərzində internetə qoşulmanın orta pik sürəti 6,8 faiz artıb. Bu göstəricinin illik artımı 14 faizə bərabərdir. Mütləq ifadədə qeyd olunan sürət 34,7 Mbit/saniyə təşkil edir. 

Analitiklər qeyd edirlər ki, 10 Mbit/saniyə, 15 Mbit/saniyə və 25 Mbit/saniyə buraxılış qabiliyyətində bağlantıların sayı il ərzində müvafiq olaraq 10, 14 və 19 faiz yüksəlib.

Hesabatda, həmçinin mobil qoşulmaya dair məlumatlar yer alıb. Belə ki, bu texnologiyanın zəif inkişaf etdiyi Əlcəzairdə mobil qoşulmanın orta sürəti 2,2 Mbit/saniyə təşkil edir. Bu göstərici üzrə lider ölkə isə mobil qoşulmanın orta sürətinin 27,9 Mbit/saniyəyə bərabər olduğu Böyük Britaniyadır.

Nizam Nuriyev 





04/07/16    Çap et