Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot dozator ailənin bütün üzvlərinin sağlamlığının qayğısına qalır


“Indiegogo” saytında ailənin bütün üzvlərinin gündəlik sağlamlığının qayğısına qalmaq üçün maraqlı robot layihəsi təqdim edilib. “Pillo” adlanan robot dozator özündə bir neçə istifadəçi üçün müxtəlif həbləri saxlaya və dərmanların vaxtında qəbulunu izləyə bilir.

Robot daxilində saxlanılması qeyri-mümkün olan dərmanlar (məsələn, maye dərmanlar) üçün qurğu istifadəçiləri vizual və səsli siqnallarla xəbərdar edəcək. Bundan başqa, tezliklə evdə tükənəcək dərmanları internet apteklərində müstəqil sifariş edə bilən “Pillo” “Əşyalar interneti” texnologiyasının bariz nümunəsi hesab edilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, robotda eyni anda 250-dək həb saxlamaq mümkündür. İstifadəçi dərmanları qəbul etməyəndə, “Pillo” onun smartfonuna müvafiq bildiriş göndərir.

Bildirilir ki, istifadəçinin sağlamlığı və özünü yaxşı hiss etməsi robot üçün böyük əhəmiyyət kəsb edir. “Pillo” təkcə insanın sağlamlıq vəziyyətini səsdəki dəyişiklikləri tanımaqla izləmir, həm də komanda ilə kömək çağıra bilir. Bundan əlavə, robot quraşdırılan mikrofonlar və HD kameralar vasitəsilə real həkimlərlə audio və video konfranslar keçirməyə imkan verir.

Robot mobil qurğularla işi istifadəçilərin ona informasiya ötürən fitnes izləmə qurğuları ilə sinxronlaşdırır. Bu məlumatlardan istifadə edən “Pillo” hər bir istifadəçi üçün fərdi müalicə profili tərtib edə bilir.

Nizam Nuriyev 








05/07/16    Çap et