Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Dünya Nüvə Sərgisində təmsil olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Fransanın Paris şəhərində təşkil olunan Dünya Nüvə Sərgisində iştirak edib.
Sərgidə nüvə sənayesinə malik olan ölkələrin təmsilçiləri öz eksponatları ilə iştirak ediblər. Sərgi çərçivəsində nüvə elmləri və texnologiyaları sahələri üzrə mindən çox mütəxəssisin iştirakı ilə müxtəlif mövzular üzrə panel iclasları keçirilib.
Sərgini Fransanın İqtisadiyyat, sənaye və rəqəmsal texnologiyalar naziri Emmanuel Makron açıq elan edib. Açılışda energetika, nüvə elmləri üzrə beynəlxalq qurum rəhbərləri mövcud vəziyyət və gələcək inkişaf perspektivləri üzrə məruzələrlə çıxış ediblər.
Mütəxəssislər mövcud nüvə reaktorlarının təhlükəsizliyinin, nüvə yanacaq ehtiyatlarının təmini və ekoloji təminatlı nüvə yanacaq istehsal tsikllərinin yaradılması, işlənilmiş yanacaq və tullantıların idarə olunması, istifadə olunmuş yanacaqların tərkibindən Uran-238, Uran-233, Plutonium-239 kimi qiymətli nüvə yanacaq materiallarının ayrılması və istifadə perspektivləri, istifadə müddəti bitmiş energetik reaktorların fəaliyyətinin dayandırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Adil Qəribov tərəfindən Fransanın "AREVA", Rusiyanın "Rosatom" şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Eyni zamanda, Almaniya, Fransa, Yaponiya, Rusiya, Cənubi Koreya mütəxəssisləri ilə nüvə texnologiyaları sahəsində ikitərəfli maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində əldə edilmiş biliklər, aparılan təcrübə mübadiləsi "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin gələcək fəaliyyətində istifadə olunacaq.
05/07/16 Çap et