Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Timoti Con Berners-Li - “Hörümçək toru”nun utancaq, qətiyyətli, zarafatcıl banisi


Tam adı: Timoti Con Berners-Li

Doğum tarixi: 1955-ci il 8 iyun

Doğum yeri: London, İngiltərə

Ailə vəziyyəti: Evli

Yaşadığı yer: Amerika Birləşmiş Ştatları

Fəaliyyət növü: Biznes

Təhsil: Oksford Universiteti

Vəzifə: “World Wide Web” ixtiraçısı, “World Wide Web” Konsorsiumunun rəhbəri

Cənab Timoti Con Berners-Li “Ümumdünya hörümçək toru”nun və “World Wide Web” Konsorsiumunun rəhbəri kimi tanınır. O, internetin inkişafına nəzarət edir.

O, 1955-ci ilin iyun ayının 8-də İngiltərənin London şəhərində Berners-Li Konvey Berners-Li və Meri Li Vudsun ailəsində dünyaya gəlib. Valideynləri riyaziyyatçı olub, hər ikisi ilk kompyuterlərdən biri olan "Manchester Mark I"-in hazırlanması ilə bağlı komandada çalışıblar.

Tim orta təhsilini Uandsvort şəhərində yerləşən Emanuel məktəbində alıb. Onlar 1976-cı ildə fizika ixtisası üzrə Oksford Universiteti nəzdindəki Kral Kollecini fərqlənmə ilə bitirib.

O, hələ kollecdə oxuyarkən “M6800” prosessoru əsasında özünün monitor əvəzinə televizorla olan ilk kompyuterini yaradır. Oksford Universitetində təhsil aldığı illərdə Berners-Li öz dostları ilə birlikdə hakerlik ilə məşğul olub.

Bir dəfə onlar buna görə tutulub və universitet kompyuterlərindən istifadə etmək hüququndan məhrum ediliblər.

Tim 1976-cı ildə "Plessey Telecommunications Limited" şirkətində proqramçı kimi işləməyə başlayır. 1978-ci ildən isə o, "D.G. Nash Limited" şirkətində periferiya avadanlığı və çoxməsələli əməliyyat sistemi üçün proqram təminatının yaradılması ilə məşğul olur.

1980-ci ildə Tim Berners-Li Avropa Nüvə Tədqiqat Mərkəzində (CERN) müstəqil konsultant (öz ixtisasına aid məsləhətlər verən mütəxəssis) kimi fəaliyyət göstərməyə başlayır.

O, CERN-də işləyəndə hipermətn konsepsiyasına əsaslanan layihə təklif edir. Məhz o zaman Berners-Li “Enquire” proqramını yazır. Proqram hipermətn bazasını təşkil edir.

1980-ci ildə Tim Berners-Li Con Pulun "İmage Computer Systems Ltd" şirkətində işləmək üçün CERN-i tərk edir, lakin 1984-cü ildə daimi əməkdaş kimi mərkəzə geri qayıdır. 1989-cu ildə CERN Avropada ən böyük internet qovşaq hesab olunurdu və Berners-Li hipermətn və internetin əlaqəsi imkanını görürdü.

O deyirdi: "Mən sadəcə, hipermətn ideyasını əsas götürməli, onu TCP və DNS ideyaları ilə əlaqələndirməliyəm və beləliklə, “Ümumdünya hörümçək toru” yaranacaq".

O, “Ümumdünya hörümçək toru”nun yaradılması üçün “Enquire” sisteminin əsasını təşkil edən ideyadan istifadə edir. Həmçinin ilk veb-səyyah və redaktor, httpd (HyperText Transfer Protocol daemon) adlanan ilk veb-server yaradır.

İlk veb-sayt http://info.cern.ch adlanır və 1991-ci il avqust ayının 6-da yaradılıb. Sayt “WWW” (World Wide Web), səyyahlar və server sazlamaları haqqında izahedici informasiyadan ibarət idi. Sayt, həmçinin ilk veb-kataloq idi. Belə ki, saytda şəbəkədəki digər saytların siyahısı yerləşdirilmişdi.

1994-cü ildə Tim Berners-Li Massaçusets Texnologiya Universitetində “World Wide Web” Konsorsiumunun (W3C) əsasını qoyur. Konsorsiuma internetin keyfiyyətini artıran standartlar və tövsiyələr yaratmaq istəyən müxtəlif şirkətlər daxil idi. “World Wide Web” Konsorsiumunun bir çox nailiyyətlərini hal-hazırda internetdə olan veb-saytlarda görmək mümkündür.

O, 2004-cü ilin dekabr ayında Sautqempton Universitetinin professoru olur. Lankaster Universitetində fəxri elmlər doktoru adına layiq görülür .

Sautqempton Universitetinin dəstəyi ilə Tim Berners-Li semantik şəbəkə layihəsini həyata keçirməyə ümid edir.

Bundan əlavə, o, Britaniya Kompyuter Cəmiyyətinin (British Computer Society), Elektrotexnika İnstitutunun (İnstitution of Electrical Engineers) fəxri üzvüdür və Amerika Elm və İncəsənət Akademiyasının (American Academy of Arts and Sciences) üzvüdür.

1999-cu ildə çıxan “Time Magazine” Tim Berners-Lini 20-ci yüzilliyin 100 ən nüfuzlu insanı siyahısına daxil edib.

2002-ci ildə o, BBC sorğusuna əsasən, tarix boyu ən məşhur 100 britaniyalı siyahısına daxil edilib, 2003-cü ilin dekabr ayında isə Tim Berners-Li Britaniya imperiyasının cəngavər ordeninə layiq görülüb.

2005-ci ilin yanvar ayının 27-də o, həm peşəkar uğurlarına, həm də "utancaq, qətiyyətli, kəskin yumor hissi, rahat uyğunlaşma" kimi xalis ingilis xarakterinə xas olan cizgilərinə görə “2004-cü ilin adamı” elan edilib.




22/09/11    Çap et