Nadir materiallardan istifadə olunmadan ilk hibrid mühərrik yaradılıb
Yaponiyanın “Honda Motor Co” avtomobil istehsalçısı nadir yer materiallarından istifadə etmədən hibrid avtomobil mühərriki hazırlayıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, hibrid avtomobillərin yaradılmasının dəyərini azaldacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naked Science” resursuna istinadən yazır ki, şirkət 10 il əvvəl avtomobil mühərriklərinin istehsalında nadir yer materiallarından istifadənin azaldılması ilə bağlı üzərinə öhdəlik götürüb və hazırda vədinə əməl etməyə başlayıb. Belə ki, “Honda” digər Yaponiya şirkəti “Daido Steel” ilə birlikdə hazırlanan yeni hibrid mühərrik təqdim edib.
Bildirilir ki, yeni mühərrik disprozium və terbium kimi ağır nadir yer materiallarından istifadə etməyəcək.
Bunun əvəzində isə mühərrikdə "Daido Steel” şirkətinin icad etdiyi və əvvəllər istifadə olunan komponentlərdən 10 faiz ucuz və 8 faiz yüngül olan xüsusi maqnitlər tətbiq ediləcək. “Honda” nümayəndələrinin sözlərinə görə, onlar mühərrik istehsalında, əsasən, Çinin tədarük etdiyi nadir yer materiallarından istifadənin asılılığını azaltmaqda davam edəcəklər.
Bu ilin payızında satışa çıxarılacaq kompakt "Freed” avtomobilləri ilk hibrid mühərriklərlə təchiz ediləcək.
“Honda” mütəxəssisləri qeyd edirlər ki, bahalı materiallardan istifadədən imtina şirkətə vəsaitə qənaət etməyə və maşınqayırmada istifadə olunan digər əksər materialların qiymətini azaltmağa imkan verəcək.
Onu da qeyd etmək lazımdır ki, yeni mühərrikdə Şimali Amerika, Avstraliya və Çində hasil edilən yeganə yer elementi hesab olunan neodimdən istifadə olunub. Gələcəkdə şirkət hibrid mühərriklərin hazırlanmasında belə elementlərin istifadəsindən tam imtinanı planlaşdırır.
Nizam Nuriyev