Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wi-Fi” qəbuledicisinin optik analoqu yaradılıb


"Facebook Connectivity Lab" laboratoriyasının mütəxəssisləri hava ilə ötürülən optik rabitə siqnallarının aşkarlanması üçün yeni konseptual yanaşma təqdim ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, yeni texnologiya ucqar yerləri internetlə təmin etməyə imkan verəcək sürətli simsiz optik şəbəkələr üçün əsas ola bilər. Laboratoriya dünyada təxminən 4 milyard insanı internetə çıxışla təmin edəcək texnologiyaların hazırlanması ilə məşğuldur. Tədqiqatçıların sözlərinə görə, insanların çox hissəsi simsiz rabitə infrastrukturunun əlçatan olmadığı yerdə - əsasən kənd yerlərində yaşamasına görə internetə qoşulmaq imkanından məhrumdur. "Biz insanların bir-birindən uzaq yaşadığı ərazilər üçün optimallaşdırılan kommunikasiya texnologiyalarını inkişaf etdiririk", - tədqiqatçılar bildiriblər.

Tədqiqatda "Facebook" mütəxəssisləri işığı toplamağa və onu kiçik fotodetektorda cəmləşdirməyə imkan verən ənənəvi optika əvəzinə flüoressent materiallardan istifadə metodunu nümayiş etdiriblər. "Biz bir rəngi udan, digərini buraxan flüoressent optik liflərdən istifadəni nümayiş etdirdik. Optik liflər geniş ərazidə istənilən istiqamətdən gələn işığı udur və optik lifin içindən keçən şüalanan işıq onu kiçik, lakin sürətli fotodetektora göndərir", - "Facebook Connectivity Lab" əməkdaşı Tobias Tike qeyd edib.

Bildirilir ki, alimlər məlumatları saniyədə 2 qiqabit sürətlə qəbul edən və ötürən "Wi-Fi" qəbuledicisinin analoqunu yaratmağa nail olublar. Alimlər qeyd ediblər ki, flüoressent optik liflərin udduqları rəngdən fərqli rəngi şüalandırması faktı sistemə daxil olan işığın parlaqlığını artırmağı mümkün edib. Bu yanaşmadan günəş işığının toplanması üçün rəng dəyişkənliyinin əhəmiyyət kəsb etmədiyi lüminessent konsentratorlarda istifadə olunub.  

Tədqiqata görə, texnologiya informasiyanı ötürücü və qəbuledici bir-birini bilavasitə görəcək vəziyyətdə yerləşməyəndə göndərməyə imkan verir.

Nizam Nuriyev 




20/07/16    Çap et