Günəş batareyaları ilə işləyən dronun uğurlu sınaqları keçirilib
ABŞ-ın "Facebook" şirkəti günəş enerjisi ilə işləyən və dünyanın ucqar yerlərində yaşayan insanların internetə qoşulması üçün nəzərdə tutulan "Aquila" pilotsuz uçan aparatın ilk sınaqlarını keçirib. Bu barədə şirkət həmtəsisçisi Mark Sukerberq sosial şəbəkə səhifəsində bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "
TASS" resursuna istinadən yazır ki, "Facebook" rəhbəri qeyd edib ki, şirkətin mühəndisləri qeyd edilən layihə üzərində iki il çalışıblar və iyunun 28-də keçirilən sınaqlar uğurlu olub. Dron Arizona ərazisi üzərində bir neçə yüz metr uçub. "İlkin olaraq "Aquila"nın 30 dəqiqə uçuş etməsi planlaşdırılmışdı, lakin hər şey yaxşı getdiyindən biz vaxtı 96 dəqiqəyədək artırmaq qərarına gəldik", - o vurğulayıb.
Qanadlarının uzunluğu təxminən "Boeing 737" təyyarəsinin qanadlarının uzunluğuna uyğun olan "Aquila" pilotsuz uçan aparatının çəkisi 450 kq təşkil edir. Aparat "uçan qanad" aerodinamik sxemi üzrə düzəldilib və dörd vintlə təchiz edilib. M.Sukerberqin sözlərinə görə, uçuşda qalmaq üçün drona təxminən üç fenin işləməsi üçün lazım olan qədər enerji tələb olunur. Əvvəllər şirkət mütəxəssisləri yalnız aparatın çox kiçik modellərini sınaqdan keçiriblər.
Məlumata görə, "Aquila" 18 km hündürlükdə uçmaqla istifadəçilərin lazer şüası vasitəsilə internetə qoşulmasını təmin etməklə informasiyanı mövcud sistemlərdən 10 dəfə daha sürətli ötürməyə imkan verəcək.
Nizam Nuriyev