Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” çamadan smartfonu enerji ilə dolduracaq və sahibini lazımi yerə çatdıracaq (VİDEO)
"Modobag" şirkəti eyniadlı və dünyada ilk motorlaşdırılmış minik çamadanı təqdim edib. Üstündə oturmaq üçün nəzərdə tutulan çamadan daha çox kiçik mopedə bənzəyir.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Modobag"in sürəti 13 km/saat təşkil edir, lakin bu göstərici baqajın və istifadəçinin çəkisindən asılıdır. Qurğunu idarə etmək çox asandır. Belə ki, sadəcə, qulpu çıxararaq ondan sükan kimi istifadə etmək lazımdır.
Çamadanı bir dəfə enerji ilə doldurmaqla 9,65 km məsafə qət etmək mümkündür ki, bu da aeroport və ya vağzala bir neçə dəfə getməyə kifayət edir. Həmçinin quraşdırılmış akkumulyatordan iki "USB" çıxışı vasitəsilə smartfon, planşet və ya digər qurğuları enerji ilə doldurmaq üçün istifadə etmək olar. Səfər zamanı qurğuları xüsusi yan ciblərdə saxlamaq tələb olunur. Dörd min dəfə enerji ilə doldurulmaq üçün nəzərdə tutulan batareya sürətli enerji doldurma texnologiyasını dəstəkləməklə 15 dəqiqəyə lazımi enerjinin 80 faizini toplayır. Bundan başqa, qurğu çamadanın olduğu yeri "GPS" ilə müəyyənləşdirən və istifadəçi çox uzaqda olduğu halda xüsusi əlavə vasitəsilə bildiriş kimi əlavə funksiyalarla təchiz edilib.
"Ağıllı" çamadanı "Indiegogo" saytında 995 dollara sifariş etmək mümkündür. Tədarüklərə növbəti ilin yanvarında başlamaq planlaşdırılır.
Xatırladaq ki, bir müddət əvvəl İranın "Ikap Robotics" şirkəti tərəfindən hazırlanan smart "Olive" çamadanı təqdim olunub.
"Olive" xarici görünüşünə görə adi çamadanlardan az fərqlənsə də, çoxlu faydalı funksiyalara malikdir. Belə ki, "Wi-Fi" və ya "Bluetooth" vasitəsilə istifadəçinin smartfonu ilə sinxronlaşan çamadan reysi xatırlada və ya təyyarəyə tələsməyə çağıra bilir. Xüsusi mobil əlavə çamadanın olduğu yeri izləməyə şərait yaradır, quraşdırılan 1000 milliamper/saat tutumlu akkumulyator isə smartfon və ya planşeti enerji ilə doldurmağa imkan verir.
"Olive" çamadanı quraşdırılmış akselerometr, giroskop və elektromotor sayəsində iki təkər üzərində sahibinin arxasınca müstəqil hərəkət edərək insanın hərəkətini xüsusi kamera vasitəsilə izləyir. Uçuşa az vaxt qalan zaman çamadan giroskuterə çevrilir. Onun üzərinə minən çamadan sahibi lazımi yerə vaxtında çata bilər.
"Olive", həmçinin smartfon və ya "ağıllı" saatların köməyi ilə açılan və bağlanan elektron qıfılla, eləcə də çamadanın dəqiq çəkisini öyrənməyə imkan verən quraşdırılmış tərəzi ilə təchiz edilib.