Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çirkli suyu içməli suya çevirən material hazırlanıb


Vaşinqton Universitetinin alimlər qrupu Hindistan alimi Srikant Sinqamaneni ilə birlikdə çirkli mayeni təmiz və içmək üçün yararlı suya çevirməyə imkan verən yeni texnologiya icad ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, suyun təmizlənməsi üzrə yeni texnologiyada başlıca element əsasını qrafenin təşkil etdiyi innovativ materialdır. Lilin filtrasiyası günəş şüalarının təsiri ilə həyata keçirilir. Qrafeni əsas kimi götürən alimlər xüsusi təbəqə yaradaraq onu çirkli suyun üstünə və günəş şüalarının altına qoyublar. Bir müddətdən sonra çirkli mayenin təmiz suya çevrilmə prosesi başlayıb.

Məlumata görə, suyu isti günəş şüalarının təsir etdiyi sellüloz bakteriyaları və qrafen oksidi təmizləyir. İnnovativ sutəmizləmə üsulunun yaradıcıları qeyd edirlər ki, qrafen oksidi əsl möcüzələr yaradır. Elektrik və istiliyi yaxşı keçirən qrafen oksidi təmiz içməli su hazırlaya bilir.

Alimlərin fikrincə, onların kəşfi, ilk növbədə, Çin və Hindistan kimi təmiz su çatışmazlığı ilə üzləşən ölkələrə kömək edəcək. Bununla yanaşı, çoxlu günəş işığı ilə hamı müstəqil şəkildə ilk baxışdan istifadəyə yararsız sudan içməli su hazırlaya biləcək. 

Nizam Nuriyev 





29/07/16    Çap et