Bu ilin ikinci rübündə həyata keçirilən "DDoS” hücumlarının sayı 83 faiz artıb
2016-cı ilin ikinci rübündə həyata keçirilən "DDoS” hücumlarının sayı 83 faiz artıb. Ümumilikdə 182 900 hücum qeydə alınıb. Hücumların daha çoxu Rusiyanın payına düşüb. Bu barədə "Nexusguard” informasiya təhlükəsizliyi şirkətinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
SecurityLab” resursuna istinadən yazır ki, Rusiyada edilən hücumların 40 faizdən çoxu “StarLink” şəbəkə kommunikasiya agentliyinə qarşı törədilib. Məqsədli hücumlar öz davamlılığı ilə seçilib. Belə ki, cinayətkarlar bir neçə saat ərzində aktiv olub. Tədqiqatçılar kiberhücumların sayının bu dərəcədə artmasını əməlləri Rusiya biznesinin işinə qanunsuz müdaxiləyə yönələn haker fəallarının meydana çıxması ilə izah edirlər.
Daha çox hücumların edildiyi ölkələr üçlüyündə, həmçinin, ABŞ və Çin yer alıb. Braziliya ilk onluqda olaraq qalır, lakin ölkənin müəssisələrinə qarşı həyata keçirilən "DDoS” hücumlarının sayı təxminən iki dəfə azalıb.
"Nexusguard” nümayəndələrinin sözlərinə görə, hakerlər gəlir əldə etmək məqsədilə daha çox fırıldaqçılıq proqramlarından, fişinq sxemlərindən və fərdi məlumatların oğurlanması üçün digər texnikadan istifadə ediblər. Bununla yanaşı, bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri və Olimpiya Oyunları zamanı "DDoS” hücumlarının sayının xeyli artacağı gözlənilir.
Nizam Nuriyev