“Apple” istifadəçiləri fişinq hücumuna məruz qalıb
"Securitylab" nəşri yazır ki, mütəxəssislər "Apple" şirkətinin mobil qurğulardan istifadə edənlərin hesab məlumatlarının ələ keçirilməsi üçün nəzərdə tutulmuş fişinq hücumunu qeydə alıblar. Cinayətkarlar xüsusi yaradılmış fişinq və ya müdaxilə olunmuş qanuni sayta keçidi özündə saxlayan "SMS" mesaj yayırlar. Tədqiqatçıların məlumatına görə, təqribən 7500 "iPhone" və "iPad" sahibi cinayətkarların qurbanı olub.
"ICTnews" Elektron Xəbər Xidməti
macdigger.ru saytına istinadən xəbər verir ki, guya "App Store" administrasiyası tərəfindən göndərilmiş mesaj istifadəçini hesabının müvəqqəti bloklanması və girişin bərpası üçün qeydiyyat məlumatlarını daxil etmək haqda məlumatlandırır. Əks-təqdirdə hesab birdəfəlik bloklanacaq. Göndərilmiş xəbərdarlıqda, həmçinin "Apple" saytında müvafiq səhifəyə istinad yerləşdirilib. Ancaq istinada keçid etdikdə istifadəçi qeydiyyat məlumatlarını daxil etmək üçün saxta formadan ibarət səhifəyə girir.
Mütəxəssislərin sözlərinə görə, bu fişinq kampaniyasının qurbanları ən çox ABŞ-da (7464 istifadəçi) qeydə alınıb. Həmçinin Meksika, Almaniya və başqa ölkələrdə "Apple" qurğusundan istifadə edənlər zərərə məruz qalıblar.
Emil Hüseynov