Dünyada ən populyar əməliyyat sistemi hansıdır?
“Net Applications” analitik şirkətinin yeni hesabatında son 12 ayda “Windows 10” əməliyyat sisteminin (ƏS) inteqrasiyası haqda məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti
hi-news.ru saytına istinadən xəbər verir ki, son məlumatlara əsasən, dünyada 21.12 faiz kompüter “Windows 10” sistemi ilə işləyir. 47.01 faiz bazar payına sahib olan “Windows 7” platforması əvvəlki kimi birinci pillədə qərarlaşıb.
“Windows 10” sistemi hələ ki, liderdən xeyli geri qalır və ehtimal ki, yeni ƏS-nin liderliyi ələ keçirməsinə müəyyən müddət lazım olacaq. Hətta pulsuz yeniləmə imkanı istifadəçilərin yeni ƏS-nə keçməsinə səbəb olmadı və çətin ki, yaxın vaxtlarda əsaslı dəyişiklik qeydə alınsın.
“Microsoft” şirkətinin nümayəndələri tezliklə biznes dairədə “Windows 10” sisteminə aktiv keçid prosesinə başlanılacağına ümid edir, çünki əksər nəhəng şirkətlər artıq “Windows 7”dən “8.1” platformasına keçidə hazır olduqlarını bəyan ediblər.
Qeyd edək ki, “Windows XP” əvvəlki kimi dünyada ən çox istifadə edilən əməliyyat sistemləri reytinqində üçüncü yerdə qərarlaşıb. Dünyada kompüterlərin 10.34 faizi sözügedən sistemlə işləyir.
Ötən ayla müqayisədə “Windows 10” sisteminin bazar payı 2 faiz artıb.
Emil Hüseynov