Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğuya pullu proqramlar quraşdıran yeni virus aşkar edilib


"Doktor Veb" şirkətinin əməkdaşları yeni növ zərərli proqram təminatı aşkar ediblər. Troyan proqramı qurğuya qurulduqdan sonra “Google Play” tətbiqlər mağazasından pullu mobil proqramları cihaza quraşdırır. Beləliklə, sizin hesabınızdan pul silinir.

“ICTnews” Elektron Xəbər Xidməti mail.ru saytına istinadən xəbər verir ki, zərərli mobil proqram “Android.Slicer” adlanır. Sözügedən tətbiq “Google Play”dan yüklənmir: ya kənar saytlardan, ya da troyanlar tərəfindən yüklənir. Zərərli proqram özünü guya smartfonun işini optimallaşdıran tətbiq kimi göstərir. Lazımsız tətbiqləri bağlayaraq qurğunun əməli yaddaşını təmizləməyi təklif edir.

Zərərli mobil proqram quraşdırmadan bir müddət sonra, həmçinin ekranın və ya “Wi-Fi”ın söndürülməsi və yandırılması zamanı smartfonun “IMEI” kodunu, “Wi-Fi” modulunun “MAC” ünvanını, əməliyyat sisteminin versiyasını və istehsalçının adını sözügedən tətbiqin serverinə göndərir.

Zərərli proqram təminatı fərdi məlumatları göndərir, pullu tətbiqləri yükləyir, hətta sistemdə “root” girişi ələ keçirə bilər.

Emil Hüseynov





08/08/16    Çap et