Qlobal noutbuk bazarının həcmi 4% azalıb
“TrendForce” analitikləri qlobal noutbuk bazarında tədarük üzrə üçaylıq artım qeydə alıblar. Noutbuk tədarüklərinin həcmi 8.2% yüksəlib. Beləliklə, cari ilin birinci yarısı üçün istehsalçılar ümumilikdə 74.18 milyon noutbuk buraxıblar ki, bu da 2015-ci il müvafiq dövrü üçün göstəricidən 4% azdır.
“ICTnews” Elektron Xəbər Xidməti
dailycomm.ru saytına istinadən yazır ki, ilin birinci yarısının nəticəsinə görə “Lenovo” yığcam kompüterlər bazarının lideri olub. Çin şirkəti Şimali və Latın Amerikası, həmçinin Asiya-Sakit okean regionunda göstəricisini yaxşılaşdıraraq 16.15 milyon noutbuk tədarük edib. Mütəxəssislər “Lenovo” şirkətinin bazar payını 21.8% qiymətləndiriblər.
15.8 milyon leptop tədarük etmiş “HP” şirkəti ikinci pilləni tutub. “HP”-nin bazar payı 21.3% təşkil edib. Lakin analitiklər hesab edirlər ki, ABŞ şirkəti ilin ikinci yarısında noutbuk bazarının liderini qabaqlaya bilər.
15.3% bazar payına sahib “Dell” şirkəti üçüncü yerlə kifayətlənib. İlin birinci yarısının nəticəsinə görə şirkət 11%-lik artımı göstərib. Yeni xrombuk modellərinin çıxarılması buna səbəb olub.
Emil Hüseynov