Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yapon şirkəti daxili ekşn-kamera ilə təchiz edilmiş təhlükəsiz smartfon təqdim edib
Yaponiyanın "Kyocera" şirkətinin Amerika bölməsi tərəfindən təqdim edilmiş qeyri-adi təhlükəsiz smartfonun əsas özəlliyi daxili genişbucaqlı ekşn-kamerasının mövcud olmasıdır.
"DuraForce Pro" modeli toz, su, vibrasiya və zərbələrə qarşı dayanıqlı korpus ("IP68 və 810G" müdafiə standartı), 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, "Qualcomm Snapdragon 617" prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib.
"ICTnews" Elektron Xəbər Xidməti newsru.com saytına istinadən yazır ki, smartfonun əsas kamerasının təsvir ölçüsü 13 meqapiksel, ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir. Daxili ekşn-kamera "DuraForce Pro" smartfonunun arxa səthində, əsas kameranın yanında yerləşir. Bu kamera 135 dərəcə əhatə bucağı və "Full HD" təsvir ölçülü video çəkilişini təmin edir. Ekşn-kamera modulu sualtı, idman və yavaşıdılmış rejimdə çəkilişi dəstəkləyir.
"Android" sistemi ilə işləyən smartfonda daxili akkumulyatorun tutumu 3240 milliamper/saat təşkil edir. Həmçinin aparat barmaq izi skaneri, "NFC" modulu ilə təchiz edilib və cihazın sensor ekranı əlcək geymiş sahibinin toxunuşlarını da tanıyır. "DuraForce Pro" smartfonu ən yaxın aylarda bazara çıxarılacaq, ancaq qurğunun qiyməti hələ ki, bildirilməyib.