Artırılmış və virtual reallıq texnologiyaları bazarında gəlir 162 milyard dolları ötəcək
“IDC” analitik şirkətinin proqnozuna görə, yaxın illərdə artırılmış və virtual reallıq texnologiyaları bazarının həcmi ildə orta hesabla 181.3% artacaq. Ekspertlərin qiymətləndirməsinə görə, sözügedən bazarda gəlir 5.2 milyard ABŞ dollarından 162 milyardadək yüksələcək.
“ICTnews” Elektron Xəbər Xidməti
dailycomm.ru saytına istinadən yazır ki, artırılmış və virtual reallıq texnologiyaları ilə işləmək üçün proqram təminatı sahəsində kəskin artım proqnozlaşdırılır. Belə ki, yalnız 2016-cı ildə belə ixtisaslaşdırılmış proqram təminatından əldə edilən gəlir 200% artacaq.
“IDC”-nin analitikləri hesab edir ki, 2016-17-ci illərdə virtual reallıq seqmenti gəlirin həcminə görə artırılmış reallıq kateqoriyasını ötəcək. Lakin gələcəkdə artırılmış reallıq seqmenti sürətlə inkişaf edəcək. Analitiklər artırılmış reallıq texnologiyasının tibb, təhsil, loqistika və sənaye istehsalında tətbiqini qeyd edirlər.
Araşdırmaya əsasən, artırılmış və virtual reallıq texnologiyaları bazarında bütün gəlirin 75%-i Asiya-Sakit okean regionu, ABŞ və Qərbi Avropanın payına düşəcək. 2020-ci ildə ABŞ sözügedən bazarda liderliyi ələ keçirəcək.
Emil Hüseynov