Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil cihazların qeydiyyatı ilə bağlı çağrı mərkəzinin fəaliyyəti optimallaşdırıldı


Mobil qurğularınızın  IMEI kodlarının qeydiyyatı və itirilmiş telefonlarla bağlı yaranan bütün suallarınıza  "157" çağrı mərkəzinə zəng etməklə cavab tapa bilərsiniz.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Mobil cihazların qeydiyyat sistemi" üzrə daxil olan zənglərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə daha əvvəl fəaliyyət göstərən "1677" nömrəli məlumat mərkəzi "157" çağrı mərkəzinə birləşdirilib.
 
Qeyd edək ki, bu nömrəyə zəng etməklə həftənin iş günləri saat 9:00-dan 18:00-a qədər məlumat almaq mümkündür.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan "Mobil cihazların qeydiyyat sistemi"  telekommunikasiya  şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı funkusiyasını yerinə yetirir.
 
Bu sistem vasitəsi ilə texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısı alınır.
 
Məlumat üçün bildirək ki, mobil cihazların IMEI kodları üzrə elektron qeydiyyat "www.e-gov.az" portalı,www.imei.az saytı üzərindən və ya poçt şöbələrində aparılır.
 





19/08/16    Çap et