İstifadəçilərin 36%-i təhlükəsizlik problemi baxımından mobil bankçılıq xidmətindən imtina edir
“ICTnews” Elektron Xəbər Xidməti
securitylab.ru saytına istinadən yazır ki, "Kasperski Laboratoriyası" və “IDC Financial Insights” şirkəti tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, bankların müştəriləri təhlükəsizlik problemi və fırıldaqçılıq hallarının artması ilə əlaqədar mobil bankçılıq xidmətindən istifadə etməkdən çəkinirlər.
ABŞ və Böyük Britaniya sakinləri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, maliyyə təşkilatları müştərilərinin 36%-i mobil bankçılıq xidmətindən istifadəyə üstünlük vermir. Bu halda onların 74%-i bunu təhlükəsizlik problemi ilə izah edir. Mobil bankçılıq xidmətlərinin aktiv istifadəçiləri arasında da eyni narahatlıq mövcuddur. Rəyi soruşulanların 85%-i bildirib ki, əgər banklar təhlükəsizliyi daha yaxşı təmin etsəydilər, mobil bankçılıq xidmətindən tez-tez istifadə edilərdi.
"İstehlakçılar öz mobil qurğularının təhlükəsizliyinə az etibar edirlər və bu da bank və ödəmə aktivliyinin azalmasına səbəb olub" – “IDC Financial Insights”in analitiki Mark DeKastro deyib. Onun sözlərinə görə, mobil telefon sahibləri öz mobil bankçılıq xidmətləri üçün daha etibarlı müdafiə təmin edən banklara üstünlük verir.
Emil Hüseynov