Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Portativ turbin qurğuları su axını vasitəsilə enerji ilə dolduracaq


Mütəxəssislər mobil qurğuları su axını vasitəsilə enerji ilə doldurmağa imkan verən yeni “Estream” portativ aparatını nümayiş etdiriblər.   

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, cihazları enerji ilə doldurmaq üçün günəş enerjisindən istifadə edən portativ enerji doldurma qurğuları populyar olsa da, onlar günün vaxtından və hava şəraitindən çox asılıdırlar. Məhz buna görə son vaxtlar mütəxəssislər alternativ enerji doldurma qurğuları kəşf etməyə başlayıblar.

Bildirilir ki, elektrik enerjisinin hasili üçün su axınından istifadə edən “Estream” turbini mobil qurğular üçün alternativ portativ enerji mənbəyi sahəsində ən yeni kəşf hesab edilə bilər. Oxşar qurğular əvvəllər də nümayiş olunub, lakin yeni turbin kiçik ölçüyə və böyük effektivliyə malikdir.

Çəkisi 800 qram təşkil edən “ABS” plastik və polikarbonatdan düzəldilən “Estream” qurğusunu həmçinin kompakt şəkildə yığmaq və çantaya yerləşdirmək mümkündür.

Elektrik enerjisini hasil etmək üçün istifadəçilər qurğunun ayaqlarını açmalı və onları quruda qeydə almalı, sonradan aparatı bir yerdə saxlayacaq lövbəri suya salmalıdırlar. Suya düşən turbin su axını ilə işə salınır ki, bu da enerji istehsalına imkan verir.

Qurğu 2,5-5 Vt gücündə enerji hasil edir, istehsal olunan elektrik enerjisini isə 6400 milliamper/saat tutumunda litium-ion akkumulyatorda saxlamaq olar. İstehsalçı nümayəndələrinin sözlərinə görə, belə akkumulyatorun turbinlə enerji ilə doldurulması üçün təxminən 4,5 saat tələb olunur.

Hazırda “Kickstarter” saytında “Estream” layihəsi üçün vəsait toplanır. Turbinlər üçün ilkin sifarişin qiyməti 180 dollar təşkil edir. 

Nizam Nuriyev
 







22/08/16    Çap et