“DDoS” hücumları artıb
“Imperva” şirkətinin hesabatına əsasən, 2015-2016-cı illərdə tətbiqlər səviyyəsində həyata keçirilən “DDoS” hücumlar əvvəlki illərlə müqayisədə daha geniş yayılıb. Ekspertlərin sözlərinə görə, bu, onunla izah edilə bilər ki, şəbəkə səviyyəsində hücumlarla müqayisədə tətbiqlər səviyyəsində hücumlar daha az pul tələb edir və təhlükəsizlik mexanizmlərini daha effektiv şəkildə sıradan çıxardır.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, ekspertlərin araşdırması “Incapsula” “bulud” xidmətinin istifadəçilərinə edilmiş hücumlar haqda real məlumatlara əsaslanır və 1 aprel 2015-ci ildən 31 mart 2016-cı il tarixinədək olan dövrü əhatə edir. Bu dövrdə həyata keçirilmiş “DDoS” hücumların 60%-i tətbiqlər səviyyəsində, 40%-i isə şəbəkə səviyyəsində qeydə alınıb. Hər iki tipə aid “DDoS” hücumların orta sayı həftədə 445 təşkil edib.
Hesabata əsasən, qanuni şirkətlərin öz təhlükəsizlik mexanizmlərini yoxlaması üçün müvafiq alətlər təklif edən xidmətlərin çoxalması “DDoS” hücumları populyarlaşdırır.
“Imperva” şirkətinin məlumatına görə, 2015-2016-cı illərdə “DDoS” hücumların gücü artıb. Cari ilin ikinci rübündə şirkət tərəfindən qeydə alınmış hücumun maksimum gücü 470 Qb/s təşkil edib. Ekspertlər izah ediblər ki, belə hücumlar botnetlərin köməyi ilə həyata keçirilir.
Şirkət tərəfindən qeydə alınmış “DDoS” hücumların 87.8%-i 30 dəqiqə davam edib. Ən uzunmüddətli hücum 54 gün davam edib. Hücumların əksəriyyəti bir vektora malik olub və yalnız az qismi eyni anda bir neçə vektor üzrə həyata keçirilib. Mütəxəssislər Çini “DDoS” hücumların əsas mənbəyi, ABŞ-ı əsas qurban adlandırıb.
Emil Hüseynov