Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

50 nüvəli “İntel Knights Corner” çipləri ilə ilk superkompyuter yaradılır


“İntel” korporasiyası məhsuldar hesablama (HPC) sistemləri üçün yeni nəsil “Knights Corner” prosessorlarına ilk böyük sifarişi alıb. “Knights Corner” çipləri “Many İntegrated Core” (MİC) arxitekturasını istifadə edir.

Bu arxitektura paralel hesablamaların icrasının effektivliyinin artırılması üçün ixtisaslaşdırılmış nüvələr ilə ənənəvi “x86” nüvələrin birləşməsini nəzərdə tutur.

Ən azı 50 nüvədən ibarət olan “Knights Corner” məmulatlarının istehsalı zamanı “İntel” korporasiyası 22 nanometr texnologiya və “Tri-Gate” innovasiya metodikasını tətbiq edəcək.

“Knights Corner” prosessorlarının Ostində (ABŞ) Texas Universiteti üçün layihələşdirilən güclü “Stampede” superkompyuterinin əsasını təşkil edəcəyi bildirilib. Bu sistemin məhsuldarlığı 10 petaflops (saniyədə üzən vergüllə kvadrillion əməliyyat); pik sürəti isə 15 petaflops olacaq.

“Stampede” tərkibinə 8 nüvəli “Xeon E5” prosessorları ilə olan “Dell” serverləri daxil olacaq. Ümumi yaddaş tutumu 272 terabayt; verilənlərin saxlanılması tutumu 14 petabaytdır.

İlk əvvəl “Stampede” layihəsinə 27,5 milyon dollar qoyulacaq; superkompyuterin yaradılmasına 4 il ərzində 50 milyon sərmayə qoymaq planlaşdırılır.




24/09/11    Çap et