Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Görmə məhdudiyyətli insanlar dünyaya gələcək körpələrini hiss edə biləcəklər


Polşanın “In Utero 3D” şirkəti valideyn olmağa hazırlaşan görmə məhdudiyyətli insanlara öz xidmətlərini təklif edir. Belə ki, dünyaya hələ gəlməmiş uşaqların “3D” printerdə çap edilən həcmli modelləri görmə qabiliyyətindən məhrum insanlara barmaq ucları ilə ilk dəfə öz körpələrinin üzünü, əllərini və ayaqlarını hiss etməyə imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, körpənin obrazının çapı Polşa sakinləri üçün 1 avro təşkil edir. Digər ölkələrin sakinləri üçün şirkət mütəxəssisləri ultrasəsli skan etməklə “3D” printer üçün fayl yaradaraq onu elektron poçtla ünvanına çatdıracaq. İstifadəçi sonradan faylı müstəqil çap edə biləcək. Çap prosesi üçün 4-7 saat tələb olunur.
 
Bu halda ultrasəsli skan edilmənin nəticələrinin düzgün formatda saxlanılması vacibdir. Yalnız belə olduqda şirkət əməkdaşları nəticələrə əsaslanaraq uşağın üçölçülü modelini yarada bilərlər.  
 
Mütəxəssis Aleksandra Vitkovskanın sözlərinə görə, bunun üçün valideynlərin əlavə bahalı müayinədən keçməsinə ehtiyac qalmayacaq. Hazırda əksər müasir ultrasəs müayinə aparatları ana bətnində dölün üçölçülü modelini yarada bilir. Bu, həmişə ideal olmasa da, əldə olunan məlumatlar gözdən əlil valideynin ilk dəfə körpəsinə toxunması üçün kifayət edir.
 
Nizam Nuriyev 





30/08/16    Çap et