Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) "Elektron hökumət" portalı üzərindən müraciət etmək imkanı yaradılıb.
Belə ki, hər bir istifadəçi, o cümlədən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslər təklif, ərizə və şikayətləri ilə portal üzərindən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) elektron formada müraciət göndərə biləcəklər.
Bunun üçün portalda "İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman" təsisatı tərəfindən təqdim edilən "Ombudsman aparatına elektron müraciət" xidməti seçilir. Açılan pəncərədə istifadəçi qaydaları ilə tanış olub "növbəti" düyməsini seçmək lazımdır.
Açılan səhifədə istifadəçi vətəndaşlıq statusunu, məsələn, "Azərbaycan Respublikasının vətəndaşı" seçərək, şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodunu qeyd edib, "növbəti" düyməsini seçir.
Yeni səhifədə istifadəçi özü haqqında məlumatı qeyd edərək, müraciətin növünü, ilkin, yoxsa təkrar müraciət olduğunu seçir, müraciətin mətnini qeyd edib, göndər düyməsinin üzərinə vurmaqla şikayət, ərizə və təklifini Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) göndərmiş olur.
Qeyd edək ki, xidmət qeydiyyatsız olsa da, göndərilmiş müraciətin tarixçəsinə baxmaq üçün təqdim olunan autentifikasiya vasitələrinin birindən istifadə edərək portaldan qeydiyyatdan keçmək tələb olunur.