“Eset”: “Fırıldaqçılar “WhatsApp”ın sındırılması üzrə xidmətlər təklif edirlər”
“Eset” antivirus şirkəti yeni fişinq hücumu barədə xəbərdarlıq edərək fırıldaqçıların “WhatsApp” messencerində başqa istifadəçilərin hesablarının sındırılması üzrə xidmətlər təklif etmələrini açıqlayıb. Fırıldaqçıların xidmətlərindən yararlanmaq qərarına gələn istifadəçi özü onların qurbanına çevrilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, şirkət mütəxəssisləri digər istifadəçilərin “WhatsApp” hesablarının sındırılmasını təklif edən sayt aşkar ediblər. Resursun ünvanı “WhatsApp”ın adını xatırladır və hətta messencerin veb-versiyasının dizaynını imitasiya edir.
Saytda istifadəçiyə “obyekt”in telefon nömrəsini daxil etmək və başqa insanların yazışmalarından nə barədə məlumat əldə etmək istədiyini göstərmək təklif olunur. Bildiriş, foto, video, hətta saytlara girişin tarixçəsini “sifariş” etmək olar. İstifadəçi özünü maraqlandıran kontenti seçdikdən sonra “Yüklə” düyməsini basır. Lakin o, bundan sonra heç bir informasiya əldə etməyərək digər saytlara yönləndirilir. Nəticədə istifadəçinin kompüterinə zərərli proqram yüklənir və bannerlərin fasiləsiz göstərilməsinə və ödənişli internet servislərinə abunənin rəsmiləşdirilməsinə başlanılır.
Həmin sayt artıq bağlansa da, şirkət mütəxəssisləri sonradan eyni sxem üzrə işləyən daha iki resurs aşkar ediblər.
Nizam Nuriyev