Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında daha çox hansı elektron arayışlardan istifadə olunur?


"Elektron hökumət" portalının təqdim etdiyi elektron arayışlardan 782082 dəfə istifadə edilib.

Qeyd edək ki, portal istifadəçilərinə 13 adda elektron arayış təqdim edir.

Ən çox istifadə olunan elektron arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi"İş yerinə dair arayış"dır ki,  bu günə qədər  365954 dəfə istifadə edilib. Bununla da qeyd olunan arayışın alınması üçün vətəndaşın işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə ehtiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır.

Ən çox tələb olunan digər arayış növü " Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış"dır ki,  kredit almaq və müxtəlif məzmunlu fərdi məlumatlar üzrə elektron arayış təqdim etmək imkanını  verən bu arayışlardan  204197 dəfə istifadə edilib. "Yaşayış yeri haqqında arayış"dan isə 47029 dəfə istifadə edilib.

Gənclərin tez-tez müraciət etdiyi "Diplom haqqında arayış"dan 37851 dəfə, "Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış"dan isə 37052 dəfə istifadə edilib.

Qeyd edək ki, "Elektron hökumət" portalında autenfikasiyadan keçən hər bir vətəndaş müvafiq e-xidməti seçdikdən sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan arayışı tələb olunan təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək imkanına malikdir. 

Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə  "Elektron hökumət" portalında  bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.






07/09/16    Çap et