Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər balıq pulcuğu ilə işləyən generator yaradıblar


Hindistanın Kəlküttə Universitetində fiziklərdən ibarət qrupun ixtirası inqilabi ola bilər, çünki yenilik yalnız xüsusi tip batareyadan istifadə etmir, həmçinin titrəyiş, səsli dalğalar və külək axınları vasitəsilə enerji toplaya, sonra isə onları elektrik enerjisinə çevirə bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, əslində material ilk baxışdan göründüyündən fərqli olaraq daha asan yığılıb: belə ki, balıq pulcuğunun pyezoelektrik xüsusiyyətlərindən istifadə edilib. Pyezoelektrik xüsusiyyətlərin mövcudluğu onu ifadə edir ki, balıq pulcuğu mexaniki təsir zamanı elektrik enerjisi toplamaq qabiliyyətinə malikdir. İxtiranın müəlliflərindən olan Dipankar Mandal iddia edir:

"Balıq pulcuğundan ibarət batareyalardan istifadə edən elektrik cihazları tərkibində zəhərli qurğuşun və bismut olan müasir pyezoelektrik generatorların ekoloji cəhətdən ən təmiz analoqudur".

Mandal və onun həmkarı Sudcoy Kumar ilk sınaqlar üçün yaxınlıqda yerləşən bazara yollanaraq karp balığının pulcuqlarını toplayıblar. Bundan sonra onlar ona qızıl elektrodlar bərkidiblər və üstünü laminatla örtüblər. Nəticədə əldə olunmuş generator 77 işıq diodunu yandırmağa kifayət edib.

Kumar və Mandal tədqiqatlarının nəticələrini bu yaxınlarda “Applied Physics Letters” jurnalında dərc ediblər. Alimlər  bu ixtiranın tibbi implantlar, eləcə də digər kiçik cihazlar üçün çox faydalı ola biləcəyinə ümid bəsləyir.

Emil Hüseynov





14/09/16    Çap et