Şirkətlərdə kadrlar şöbəsini əvəz edən kompüter proqramı hazırlanıb
Yaponiya şirkətləri praktikada bu və ya digər proseslərin avtomatlaşdırılmasını nəzərdə tutan süni intellektin hazırlanmasına böyük diqqət yetirirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “
TASS” resursuna istinadən yazır ki, “NEC” şirkətinin son texnologiyalarından biri məqsədi gələcəkdə müəssisələrdə kadrlar şöbəsini tam əvəzləyəcək əməkdaş seçimi sistemidir. Proqramın tətbiqi namizədlə ilkin müsahibənin insanla deyil, kompüterlə aparılmasını nəzərdə tutur. Proqram təminatı vasitəsilə təqdim edilən CV, eləcə də namizədin keçdiyi seçmə testlərin sınaqları avtomatik təhlil edilir. Məlumatlar əsasında kompüter kadrlar şöbəsinin əməkdaşlarına işə qəbul ediləcək şəxslə bağlı tövsiyələr verir.
Mütəxəssislərin fikrincə, proqramın tətbiqi mütəxəssis kadrların saxlanılması üçün xərcləri xeyli azaltmağa, eləcə də ilkin seçim mərhələsində insan faktorunu aradan qaldırmağa imkan verəcək. Gələcəkdə mühəndislər proqrama namizədin tam portretini tərtib etmək üçün avtomatik bədən dilinin tanınması sistemini əlavə etməyi düşünürlər.
“Hitachi” şirkəti də süni intellekt üzərində işi davam etdirir. Şirkətin mühəndisləri işçiyə iş vaxtının təşkili ilə bağlı tövsiyələr verən individual qurğu hazırlayıblar. Cihaz əməkdaşın hansı hərəkətlər etməsini, bu və ya digər yerdə nə qədər vaxt keçirməsini, az və ya çox istirahət etməsini, həmkarlarla sıx əlaqə saxlayıb-saxlamamasını qeydə alır.
Nizam Nuriyev