Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsi növbəti mərhələdə


Hazırda respublika üzrə internet şəbəkəsinə qoşulan məktəblərin ümumi sayı 500 ədəd təşkil edir . Təhsil Nazirliyindən verilən məlumata görə, bu rəqəmin yarıdan çoxu Bakının payına düşür. Məktəblər "AZEduNet" təhsil şəbəkəsinə avtomatik qoşulublar ki, bu şəbəkə də təhsil müəssisələrinə nazirliyin məlumat-resurs mərkəzində yerləşdirilmiş elektron təhsil resursları və idarə sisteminə sürətli qoşulmağa imkan yaradır. İlin sonunadək isə daha 500 məktəb yüksəksürətli internet şəbəkəsinə qoşulacaq. Bu gün Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsinin növbəti mərhələsinin gerçəkləşdirilməsi üzrə işlər aparılır.
Layihənin əsas məqsədi İT-dən istifadə yolu ilə təhsilin keyfiyyətini artırmaq üçün vahid təhsil informasiya mühitinin yaradılması və ölkənin dünya təhsil sisteminə inteqrasiyasıdır. Bu, təhsil sistemini effektiv şəkildə idarə etməyə, həmçinin, internet şəbəkəsi vasitəsilə xarici ölkələrin təhsil müəssisələri ilə əlaqə saxlamağa imkan verəcək.
Qeyd edək ki, işlər 2008-2012-ci illərdə Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.




13/06/11    Çap et