Avropa Birliyində “Wi-Fi” hər kəs üçün pulsuz olacaq
Avropa Birliyi Komissiyası dörd il ərzində Avropa Birliyinin istənilən şəhər və qəsəbəsində “Wi-Fi” vasitəsilə internetə pulsuz çıxışı təmin etməyə dair söz verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
itc.ua” saytına istinadən yazır ki, 120 milyon avro məbləğində ayılacaq qrant hökumətlərə lokal simsiz giriş nöqtələri daxil olmaqla yüksək keyfiyyətli avadanlıq almağa imkan verəcək. Layihə Avropa Parlamenti və Avropa Birliyi ölkələrinin nazirləri tərəfindən təsdiqləndiyi təqdirdə həmin məbləğ gələn ilin sonunadək əlçatan olacaq.
Komissiya, həmçinin 2025-ci ilədək Avropada yerləşən evlər üçün ən azı 100 MB/s yükləmə sürətini təmin etməyi təklif edir.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa Birliyinin vəziyyəti haqda hesabatında, həmçinin rouminqi həmişəlik ləğv etməyə və 2025-ci ildə Avropa Birliyinin ərazisini “5G” xidməti ilə tamamilə əhatə etməyə dair söz verib.
Emil Hüseynov