Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” ASC “Radar Təsvirləri və onların tətbiq sahələri” mövzusunda seminar keçirib


Bakı 20 sentyabr 2016 – “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Radar təsvirləri və onların tətbiq sahələri” mövzusunda seminar keçirilib. Kanadanın kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası ilə birgə təşkil olunmuş seminarın məqsədi Yer səthinin radarla müşahidəsinin imkanlarını nümayiş etdirmək və qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq olub.
 
Seminar zamanı MDA və “Azərkosmos”un mütəxəssisləri tərəfindən radar peyklərindən əldə olunan təsvirlər, peyk təsvirlərinin, ətraf mühitin monitorinqi və kənd təsərrüfatı üçün istifadəsi, radar təsvirləri vasitəsilə geoməkan tədqiqatları, ətraf mühitin, dənizdə neft çirklənməsinin monitorinqi, müdafiə və təhlükəsizlik, eləcə də təsvirlərin kəşfiyyat və hasilat zamanı istifadəsi mövzularında təqdimatlar və müzakirələr keçirilib. Müzakirələr zamanı, həmçinin radar və optik peyklərin təsvirlərinin birgə istifadəsi yolları nəzərdən keçirilib.
 
Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Aeorokosmik Agentlik, Respublika Seysmoloji Xidmət Mərkəzi, Milli Aviasiya Akademiyası, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti, BP Azərbaycan və həmçinin peyk təsvirlərinin emalı ilə məşğul olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər. 
 
Qeyd edək ki, keçən ilin oktyabr ayında MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci  telekommunikasiya peykinin istehsalçısı seçilib. Əməkdaşlıq çərçivəsində MDA korporasiyası “Azərkosmos”a özünəməxsus olan Radarsat peykləri vasitəsilə əldə  olunmuş təsvilər və onların emalı üzrə təcrübənin uzunmüddətli təlimlər formasında ötürülməsini də təmin edir ki, keçirilmiş seminar bu layihənin tərkib hissələrindən biridir.
 
“Azərkosmos” ASC haqqında
 
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki isə illərdə çox yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peykini əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.    





20/09/16    Çap et