Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Koreya Respublikasının Sangmyung Universitetin professoru Hung Kuk Parkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə koreyalı mütəxəssislərlə "Elektron hökumət" sahəsində gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.
Koreyanın Sangmyung Universitetinin mütəxəssislərdən ibarət nümayəndə heyəti digər ölkələrdəki uğurlu təcrübələrdən bəhs edərək, Azərbaycanda yüksək texnologiyalar sektorunun inkişaf vəziyyətini yüksək qiymətləndirib. Professor Hung Kuk Park, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə reytinqində 56-cı pillədə qərarlaşmasını bu inkişafın göstəricisi olduğunu bildirib.
Nümayəndə heyətinin rəhbəri ölkəmizlə sahə üzrə bütün istiqamətlərdə iş birliyinə hazır olduqlarını vurğulayıb. O, Koreyanın orta və kiçik şirkətlərinin bu əməkdaşlığa cəlb edilməsinin mümkünlüyünü də qeyd edib.
Ölkəmizdə sahə üzrə əldə olunan nailiyyətlərdən söz açan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
O, qonaqlarla "Elektron hökumət", "elektron imza" infrastrukuturu, elektron xidmətlərin inkişaf etdirilməsi və digər layihələrlə bağlı geniş fikir mübadiləsi aparıb.