Şifrlənmiş parolların insan bədəni vasitəsilə ötürülməsi təklif edilib
Vaşinqton Universitetinin alimləri qurğular arasında şifrlənmiş parolların ötürülməsi üçün insan bədənindən istifadəni təklif ediblər. Alimlər öz tədqiqat işini Almaniyada keçirilmiş “UbiComp 2016” konfransında təqdim ediblər. Məlumata görə, parolların ötürülməsi üçün belə üsuldan istifadə xüsusi avadanlığın yaradılmasını tələb etmir.
“ICTnews” Elektron Xəbər Xidməti “
nplus1.ru” saytına istinadən yazır ki, müasir "ağıllı" sistemlər bir-birinə qoşulmaq üçün şifrlənmiş parollarla mübadilə edir. Bu halda parolların ötürülməsi üçün “Bluetooth” və ya “Wi-Fi” şəbəkələrindən istifadə olunur. Bu şəbəkələr vasitəsilə ötürülən məlumatlar hakerlər tərəfindən ələ keçirilərək deşifr edilə bilər, çünki təhlükəsizliyin təmini üzrə mövcud texnologiyalar bəzi boşluqlara malikdir.
Vaşinqton Universitetində işləyən alimlərin fikrincə, qurğuların bir-birinə qoşulması üçün şifrlənmiş parolların insan bədəni vasitəsilə ötürülməsi haker müdaxiləsinə imkan verməyəcək.
Alimlər bildiriblər ki, parolların insan bədəni vasitəsilə ötürülməsi üçün barmaq izi skanerləri, həmçinin noutbukların sensor panellərindən istifadə edilə bilər. Bu qurğular məlumatları qəbul edir, amma bu cihazları asanlıqla məlumatların ötürülməsi üçün sazlamaq mümkündür.
Barmaq izinin oxunması və onların vəziyyətinin müəyyənləşdirilməsi üçün skaner və sensor panellər 2-10 meqahers diapazonda siqnallar generasiya edir. Havada çox tez yoxa çıxan belə şüa insan bədəni vasitəsilə yaxşı ötürülür. Belə qurğuların şüasını aktivləşdirib söndürməklə məlumatların ötürməsini həyata keçirmək olar.
Alimlər skaner və panelləri idarə edən proqram təminatı hazırlayıblar. Proqram təminatında şüanın aktivləşdirilməsi 1, söndürülməsi 0 bildirir. Sınaqlar zamanı sensor panellərin köməyi ilə məlumatların saniyədə 50 bit sürətlə, barmaq izi skanerlərinin köməyi ilə isə saniyədə 25 bit sürətlə ötürülməsinə nail olunub.
Tədqiqatçıların fikrincə, hər iki sürət parol və ya rəqəmli kodu bir neçə saniyə ərzində ötürmək üçün kifayətdir. Məlumatların ötürülməsi üçün belə texnologiya, məsələn, istifadəçi smartfonu ilə "ağıllı" qıfıl arasında məlumat mübadiləsinə imkan verəcək.
Emil Hüseynov