“Samsung” şirkəti rəsmən “Galaxy A8” (2016) smartfonunu təqdim edib
Cənubi Koreyanın "Samsung Electronics" korporasiyası "Galaxy A8" (2016) smartfonunu təqdim edib. Bu, ötən il buraxılmış "Galaxy A8" modelini əvəz edib.
"ICTnews" Elektron Xəbər Xidməti
dailycomm.ru saytına istinadən yazır ki, yeni smartfon 1920x1080 piksel təsvir ölçülü 5.7 düymlük ekran, "Mali-T760" qrafikasına malik "Samsung Exynos 7 Octa 7420" prosessoru, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. "MicroSD" çıxarılıb taxılan daşıyıcının qoşulması mümkündür.
Fablet 16 meqapiksellik (MP) əsas kamera, 5 MP-lik ön kamera ilə təchiz edilib. Aparat, həmçinin "GPS", "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.0" simsiz rabitə modulları, 3500 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və "Android 6.0.1 Marshmallow" əməliyyat sistemi ilə idarə olunur.
Smartfon dördüncü nəsil ("LTE") şəbəkəsinə qoşulmaq qabiliyyətinə malikdir, blokdan çıxarmaq və ya pul tranzaksiyalarının təsdiqi üçün barmaq izini tanıyır.
"Samsung Galaxy A8" (2016) smartfonu bu gün 1 oktyabr 2016-cı il tarixində Cənubi Koreya bazarında satışa çıxarılacaq. Aparatın dəyəri təxminən 580 dollar təşkil edəcək.
Emil Hüseynov