Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sığorta şirkətləri “elektron imza”nın tətbiqinə başladı


Ölkədə fəaliyyət göstərən bir sıra sığorta şirkətləri "elektron imza"dan istifadə etməklə onlayn sığortanın tətbiqinə başlayıb. Bununla da "Mbask", "Xalq", "Atəşgah" və "AZ-sığorta" sığorta şirkətləri vətəndaşlara sığorta şəhadətnaməsini onlayn əldə etmək imkanı yaratmış olacaq.
 
Adı çəkilən sığorta şirkətləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidməti Mərkəzinin (MSMX) yaratdığı serverə əsaslanan imzalama sisteminə  inteqrasiya edilib. Məlumat üçün bildirək ki, sözügedən server sistemi onlayn ödəniş, bankçılıq və digər elektron xidmətlər təqdim edən təşkilatların arayışlarını və digər vacib sənədləri qurumun səlahiyyətli şəxslərinin adından avtomatik imzalama imkanına malikdir.
 
Belə ki, yüksək imzalama zərurətinin təmin edilməsinə şərait yaradan sistem, sığorta şirkətlərinə vətəndaşın elektron müraciətini gücləndirilmiş e-imza ilə təsdiq edərək tələb olunan quruma (icbari sığorta bürosuna) göndərmək imkanı verir.
 
Qeyd edək ki, serverə əsaslanan imzalama sistemi tam təhlükəsizdir. Təhlükəsizliyin təmin edilməsi üçün açarlar USB token vasitəsi ilə qorunur və tam dayanıqlığı təmin edilir. Sistem il ərzində avtomatik olaraq milyonlarla imzanın yaradılmasını təmin edir.
 
Xidmətdən istifadə etmək istəyən təşkilatlar Milli Sertifikat Xidməti Mərkəzinə müraciət edib server üzərində elektron sənədlərin imzalaması üçün imza sertifikatı və xidməti açar əldə edə bilərlər.





05/10/16    Çap et