Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə xidmətlərinin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlandı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edib. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunub.
 
400 nəfərin iştirak etdiyi sorğu iki müxtəlif auditoriyanı – rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşları əhatə edib.
 
Sorğunun nəticələrinə görə, rabitə xidmətlərindən istifadə edən vətəndaşların 24%-i texniki keyfiyyətin aşağı olmasını, 13%-i tariflərin yüksək olmasını, 63 %-i isə rabitə xidmətlərindən razılığını bildiriblər.
 
Telefon rabitəsindən istifadə edənlərin 82 faizi göstərilən xidmətlərdən razılığını, 18 faiz telefon xətlərindəki problemlərdən narazılığını bildirib.
 
"Rabitə və internet xidmətlərində hansı üstünlükləri və dəyişiklikləri görmək istərsiniz" sualına sorğuda iştirak edənlərin 55%-i keyfiyyətin yüksəldilməsini, 19%-i tariflərin endirilməsini istəyiblər. Respondentlərin 26%-i isə mövcud xidmətlərin onları qane etdiklərini bildiriblər.
 
 
Rabitə xidmətlərindən istifadə etməyən vətəndaşların 48%-i mövcud xidmətlərdən və tariflərdən məlumatsız olduqlarını, 13%-i isə rabitə xidmətlərinə ehtiyaclarının olmadığını qeyd ediblər. Sorğuda xidmətlərdən istifadə etməyən vətəndaşların  39%-i yaxın gələcəkdə rabitə xidmətlərindən istifadə etməyi planlaşdırdıqlarını vurğulayıblar. 
 
Respondentlərin 22%-i "Aztelekom" MMC-nin "170 çağrı mərkəzi"nin xidmətlərindən  istifadə etdiyini, 14% bu xidmət haqda məlumatsız olduqlarını, 64%-i isə ehtiyac olmadığı üçün istifadə etmədiklərini bildirib.    
 
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsini və əlçatanlığını təmin etməyi tabe müəssisələrin qarşısında əsas prioritet kimi müəyyənləşdirib. Nazirliyin tapşırığına uyğun olaraq rabitə və birlik müəssisələri ilk öncə mövcud problemləri müəyyənləşdirməli və problemlərin aradan qaldırılması üçün mühüm tədbirlər görməlidirlər. "Aztelekom" MMC-nin əhali arasında sorğu keçirməkdə də əsas məqsədi mövcud rabitə infrastrukturunda olan problemlərin  müəyyən edilərək aradan qaldırılması və müştəri məmnunluğunun təmin  edilməsi ilə bağlı araşdırmalara vətəndaşların rəyinin də alınmasıdır. 













06/10/16    Çap et