Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hidrogen yanacağı ilə işləyən effektiv bərə yaradılıb


ABŞ Energetika Nazirliyinin Sandia Milli Laboratoriyasının (Sandia National Laboratories) tədqiqatçılar qrupu digər bütün su nəqliyyat vasitələrinə rəqib ola biləcək hidrogen yanacağı ilə işləyən sərnişin bərəsi hazırlayıb.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hidrogen yanacağı ilə işləyən bərələr çoxdan mövcud olsa da, onların əksəriyyəti etibarlı nəqliyyat vasitəsi kimi istifadə üçün lazımi məhsuldarlığa malik deyil. Belə bərələrin imkanlarını nümayiş etdirmək üçün laboratoriya alimləri hidrogen yanacağı ilə işləyən daha effektiv hidrogen bərələrin yaradılması imkanlarını yoxlamaq məqsədilə genişmiqyaslı tədqiqat aparıblar. Nəticədə tədqiqatçılar hidrogen yanacağı ilə işləyən bərələrin rəqabət qabiliyyətinə malik olmasını sübut etməyə və San-Fransisko şəhərində sərnişinlərin daşınması üçün yeni konseptual hidrogen bərənin layihəsini təqdim etməyə nail olublar.  
 
Tədqiqat dizel bərələrinə olan tələblərin uğurlarına əsaslanıb. Beləliklə, mühəndislər 150 sərnişini 80 km məsafəyə 63 km/saat orta sürətlə daşıya bilən hidrogen bərə hazırlamalı olublar. Həmçinin digər vacib məqamlardan biri bərənin yanacaqla gündə bir dəfə doldurulması olub.
 
Nəticədə mühəndislər hidrogen bölməsi sərnişinlərdən uzaq saxlanılan uzadılmış katamaran layihələndiriblər. Xüsusi elektrik mühərriklərindən istifadə lazımi manevr qabiliyyətinə və yaxşı sürətə nail olmağa imkan verib. Bundan başqa, hidrogen yanacağının tətbiqi ətraf mühitə zərərli tullantıların buraxılmasının miqdarını sıfıra endirir ki, bu da həmin nəqliyyat növünü daha təhlükəsiz və ekoloji təmiz edir.
 
Nizam Nuriyev 





11/10/16    Çap et