Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AEBA rəhbəri nüvə obyektlərinə kiberhücumların artan təhlükəsindən narahatdır


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano nüvə obyektlərinə yönələn ciddi kiberhücumlardan narahatdır. O, bu barədə "Reuters" informasiya agentliyinə müsahibədə bildirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, Y.Amanonun sözlərinə görə, iki-üç il əvvəl atom elektrik stansiyalarından biri hakerlərin hücum obyektinə çevrilib. AEBA rəhbəri, həmçinin bir nəfərin qaçaqmalçılıq yolu ilə "çirkli bomba"nın hazırlanması üçün istifadə oluna biləcək az miqdarda zənginləşdirilmiş uranı keçirmək istəməsi insidenti barədə söz açıb.
 
"Bu, təsəvvüredilməz riskdir. Nüvə obyektlərinə qarşı həyata keçirilən kiberhücumlar probleminə çox ciddi yanaşmaq lazımdır. Biz heç vaxt tam informasiyaya malik olmağımızı və ya bunun yalnız aysberqin görünən tərəfi olmasını bilmirik", - o vurğulayıb.
 
Baş direktor insidentlər barədə ətraflı məlumat verməkdən imtina edərək kiberhücum nəticəsində atom elektrik stansiyasının fəaliyyətinin pozulmamasını qeyd edib. Onun sözlərinə görə, əvvəllər hücum haqqında geniş ictimaiyyətə məlumat verilməyib.
 
 
"Reuters" agentliyinin rəyini öyrəndiyi təhlükəsizlik üzrə bir sıra ekspertlərin sözlərinə görə, terrorçular nüvə reaktorunu partlada bilməzlər, lakin nüvə obyektlərində istifadə edilən proqram təminatında təkrar istifadə edilə biləcək boşluqlar mövcuddur.
 
Nizam Nuriyev 





11/10/16    Çap et