Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mingəçevir Yüksək Texnologiyalar Parkının İnkubatorunun rezidenti olmaq istəyən gənclərlə görüş keçirilib
Mingəçevir Yüksək Texnologiyalar Parkında İnkubasiya Mərkəzinin fəaliyyətinin təşkil edilməsi və Mingəçevir Yüksək Texnologiyalar Parkının İnkubatorunun rezidenti olmaq üçün təqdim olunan layihələrin araşdırılması və qiymətləndirilməsi məqsədilə bir sıra gənclər, eləcə də müvafiq təşkilatlarla görüş keçirilib.
Görüş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Yüksək Texnologiyalar Parkı – "YT Park"- MMC-nin və o cümlədən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələrinin iştirakı ilə təşkil olunub.
Görüşdə Yüksək Texnologiyalar Parkında (YTP) İKT sahəsində layihələrin həyata keçirilməsi üçün yaradılmış imkanlardan danışılıb. Qeyd olunub ki, artıq YTP tərəfindən İKT sahəsində sahibkarlığın və startapların dəstəklənməsi ilə bağlı mütəmadi olaraq, tədbirlərin keçirilməsinə başlanılıb. Eyni zamanda, Mingəçevir Texnologiyalar Parkının İnkubasiya Mərkəzinə layihələrin qəbuluna start verilib. Həmçinin, vurğulanıb ki, layihələr xüsusi komissiya tərəfindən qiymətləndiriləcək və Texnologiyalar Parkının meyarlarına uyğun gələn layihələr Parkın İnkubasiya Mərkəzində fəaliyyət göstərmək imkanı qazanacaqlar. Bundan başqa, uğurlu layihə müəllifləri mentor xidmətləri, investisiyaların cəlb olunması, xarici təcrübə və beynəlxalq tədbirlərə cəlb olunma imkanları ilə təmin olunacaqlar.
Daha sonra "Elektron tədris proqramı", "Şəxsi stilist" və "Aloservis" adlı layihələrlə bağlı təqdimat keçirilib və layihənin inkişaf istiqamətləri barədə layihə rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki,Azərbaycan bölgələrində startapların inkişafı,habelə innovativ və elmtutumlu məhsulların hazırlanmasında gənclərin iştirakı üçün biznes inkubasiya mərkəzlərinin yaradılması məqsədilə Mingəçevir, Gəncə, Quba, Xaçmaz, Masallı və Sumqayıt şəhərlərində müvafiq görüşlərin təşkil olunması planlaşdırılır.
12/10/16 Çap et