Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hava şəraitindən asılı olaraq formasını dəyişən evlər tikiləcək


ABŞ dizayneri Maykl Cantzen hava şəraitindən asılı olaraq formasını dəyişəcək modul ev konsepti təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, dizayner müəllifin müasir interaktiv arxitekturaya baxışını əks etdirən arxitektura və heykəltəraşlıq konsepsiyalarının layihələndirilməsinə çoxlu vaxt sərf edib. Dizaynerin son əsərlərindən biri konstruksiyasını sakinlərin arzusundan və ya hava şəraitindən asılı olaraq problemsiz quran “Malleable Autonomous Retreat House” modul evidir.

Ev çoxlu müxtəlif formalar qurmağa imkan verən hərəkətli elementlərdən ibarətdir. Konsepsiyanın mahiyyəti elementlərin elektrik mühərrikləri vasitəsilə idarə olunmasındadır. Beləliklə, sakinlər evin konfiqurasiyasını müstəqil qura, eləcə də daxildə günəş işığının miqdarına, hava və ya digər göstəricilərə nəzarət edə biləcəklər. Bundan başqa, modul ev günəş işığı və külək üçün daxilolmanı tam bağlayacaq düzbucaqlı konstruksiya şəklini ala bilir.

Evin daxilində qonaq otağı, mətbəx və rahat vanna otağı yerləşəcək. Sərt iqlim şəraitli yerlərdə ev qazla qızdırılacaq, soyuğun nadir təsadüf oldunduğu yerlərdə isə evin konstruksiyası müstəqil dəyişərək yaşayış üçün optimal şəraiti təmin edəcək. Bundan əlavə, elektrik enerjisi günəş panelləri ilə təmin ediləcək modul evin ümumi yaşayış sahəsi 37 kvadratmetr təşkil edəcək.

Hazırda layihə konsepsiya mərhələsində olsa da, dizayner evin Nyu-Meksikoda inşa ediləcəyinə ümid edir.

Nizam Nuriyev





13/10/16    Çap et