Şimali Amerika və Asiyanı yüksəksürətli kabel xətti birləşdirəcək
“Google” və “Facebook” şirkətləri yeni layihənin həyata keçirilməsi üçün səylərini birləşdirərək Los-Anceles və Honkonq arasında uzunluğu təxminən 13 min km təşkil edəcək optik-lif kabel xətti çəkmək niyyətindədirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, layihənin həyata keçirilməsində İT nəhənglərinə “Pacific Light Data Communication” şirkəti yardımçı olacaq. Şirkətlərin 400 milyon dollar vəsait sərf edəcəyi dünyanın ən uzun kabellərindən birinin çəkilişinin 2018-ci ilədək başa çatdırılması nəzərdə tutulur.
Məlumata görə, kabelə beş cüt optik-lif daxil ediləcək. Cütlərdən hər biri məlumatları 24 Tbit/saniyə sürətində ötürərək kabelin maksimal buraxılış qabiliyyətini 120 Tbit/saniyəyə çatdıracaq.
Qeyd edək ki, bu, “Google” şirkətinin həyata keçirdiyi ilk belə layihə deyil. Hazırda şirkət okeanın dibindən çəkilən 6 oxşar kabel xəttinə sahibdir.
Nizam Nuriyev