Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası “əşyalar interneti”nin təhlükəsizliyini təmin edəcək


Avropa Komissiyası “əşyalar interneti”nin kibertəhlükəsizliyinin təmini üçün tədbirlər kompleksi hazırlamağı planlaşdırır. Avropa Birliyinə üzv ölkələr  tərəfindən dövlət səviyyəsində qəbul ediləcək təbirlər internetə qoşulma imkanına malik bütün qurğular üçün sertifikatlaşdırma və ya analoji prosedurun tətbiqini nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, Avropa Komissiyası belə qurğulara haker hücumları əleyhinə xüsusi standart çiplərin quraşdırılmasını istisna etmir. Yeni tədbirlər cəmiyyətdə “əşyalar interneti”nin təhlükəsizliyinə inamı yüksəltməlidir, həmçinin hakerlərin internetə qoşulan texnikadan botnet yaratmasına mane olmalıdır.

Rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə Avropa komissarının müavini Tibo Kleyner Avropa Komissiyasının təşəbbüsünü şərh edib. Onun sözlərinə görə, “əşyaların interneti”nin hakerlərdən müdafiəsi üzrə tədbirlər məhz dövlət səviyyəsində qəbul edilməlidir, çünki yalnız cihazlar deyil, həm də onların qoşulduğu şəbəkələr, həmçinin “bulud” saxlancları nəzarətə ehtiyac duyurlar.

İnternetə qoşulmuş cihazlar sırasına kamera, televizor, printer, soyuducu və başqa texnika daxildir. Bu qurğuların əksəriyyəti haker hücumlarına qarşı dayanıqsızdır. Bu qurğular hakerlər üçün mühüm əhəmiyyət kəsb etməyə bilər. Ancaq hakerlər ciddi sistemlərə hücum məqsədilə botnetlərin yaradılması üçün belə qurğulara müdaxilə edirlər.

“Gartner” tədqiqat şirkətinin məlumatına görə, indi 6 milyard qurğu “əşyalar interneti”nə qoşulub, amma 2020-ci ilə onların sayı 20 milyarda yaxınlaşacaq. Bu isə hakerlərə botnetlərin köməyi ilə genişmiqyaslı hücumlar reallaşdırmağa imkan verəcək.

Emil Hüseynov





15/10/16    Çap et