İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 17-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.
Nazir iranlı həmkarı ilə keçirdiyi görüşləri xatırladaraq bildirdi ki, hər iki ölkənin müvafiq qurumları arasında kifayət qədər yüksək səviyyəli əlaqələr yaranıb. Qurumlar arasındakı yaxın əməkdaşlıq əlaqələri dövlətlərimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir. Nazirliyin fəaliyyəti və iş prinsipləri haqqında məlumat verən R. Quluzadə qeyd etdi ki, Azərbaycan poçt üzrə tranzit ölkəsi olmaq niyyətindədir. Artıq Rusiyanın müvafiq qurumları ilə razılıq əldə edilib. İranın da bu layihəyə qoşulması tərəflər üçün faydalı olar. Poçtdaşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı, pul vəsaitinin də qənaət edilməsinə səbəb olacaq.
R. Quluzadə Azərbaycanda fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı barədə məlumat verdi.
M. Vaezi görüşdə irəli sürülən təklifləri yüksək qiymətləndirərək həyata keçirilməsi üçün real addımların atılacağını nəzərə çatdırdı.
Görüşdə müştərək markaların çapı, təbliği və satışının təşkili, kibertəhlükəsizlik və sərhədyanı rayonlarda radiodalğaların tənzimlənməsi, eləcə də beynəlxalq trafikin qiymətinin azaldılması məsələləri müzakirə edildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Sonda nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Həmin gün Ramin Quluzadə İranın Milli Poçtunda olaraq qurumun fəaliyyəti və iş prinsipi ilə tanış oldu. İran Milli Poçtunun Baş direktoru Hüseyn Mehri ilə görüş zamanı iki ölkənin poçt təşkilatlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə edildi.