Ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi sayılan "Bakutel"in rəsmi saytı təkmilləşdirilərək, yeni dizayn və tərtibatda istifadəçilərin ixtiyarına verilib.
Quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni saytda "Sərgi", "İştirakçılar üçün", "Ziyarətçilər üçün", "Media мərkəz", "Səfərin təşkili", "Təşkilatçı" adlı əsas bölmələrlə yanaşı, çoxsaylı alt bölmələr də yer alıb.
İstifadəçilər bu bölmələr vasitəsi ilə 22 illik tarixə malik sərgi haqda geniş və ətraflı məlumatlar əldə edə bilərlər. Sərginin rəsmi internet resursunun yenilənmiş versiyası öz funksionallığı və daha rahat istifadə imkanları ilə seçilir.
Üç dildə -Azərbaycan, rus və ingilis dilində məlumat bazası ilə zənginləşdirilən resursda "Bakutel"-in partnyorlarının, eləcə də informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq təşkilatların rəsmi saytlarına sürətli keçid təmin edilib.
Saytın fəaliyyəti iştirakçı və ziyarətçilər üçün də bir xeyli üstünlüklər yaradır. Belə ki, sərgi iştirakçıları stendin rezervasiyası ilə bağlı müvafiq proseduraları həyata keçirə, ziyarətçilər isə sərgidə iştirak etmək üçün dəvətnaməni sayt üzərindən əldə edə bilərlər.
Qeyd edək ki, 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı "Bakutel-2016" 29 noyabr - 2 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, "Iteca Caspian" və "Caspian Event Organisers"şirkətirinin təşkilatçılığı ilə keçirilir.